Magistratura səviyyəsinə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır və qəbul qaydaları “Magistr” jurnalında yerləşdirilir. Müəyyən olunan qaydalara əsasən, magistr pilləsində təhsil almaq istəyən məzun bakalavrlar I mərhələdə xarici dil, məntiq, informatika fənlərindən; II mərhələdə isə ixtisas fənnindən test üsulu ilə imtahan verirlər.
Qəbul imtahanlarını uğurla başa vurub universitetimizin magistraturasında təhsil almaq hüququ qazanmış magistrantlar, Dövlət İmtahan Mərkəzinin elan etdiyi müddət ərzində universitetdə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat zamanı universitetin tələb etdiyi sənədləri Qəbul komissiyasına təqdim etməlidirlər. Magistraturaya qəbul hərbi xidmətdən möhlət hüququ verir. Könüllülük əsasında hərbi xidmət keçmək istəyənlər təhsillərini bir illik dondurmalı, hərbi xidmətə getdikdən sonra müvafiq arayışı hərbi şöbəyə göndərməlidirlər. Bu arayış əsasında həmin magistrantlara hərbi xidmətdə olacaqları müddət ərzində akademik möhlət verilir. Hərbi xidmətdən qayıtdıqdan sonra magistrantlar əsgərliyini başa vurması ilə bağlı müvafiq sənədləri (hərbi xidməti başa vurmaq haqqında arayışı – hərbi bileti) universitetin hərbi şöbəsində qeydiyyatdan keçirərək, yenidən magistrantlar sırasına bərpa edilirlər.